Avropa çempionatının seçmə oyunlarına hazırlaşan futzal yığma komandamız hazırki dünya çempionu İspaniya komandası ilə nəzərdə tutulmuş ikinci yoxlama matçını da keçirib. İlk oyunda 4:3 hesabıyla dünya çempionuna uduzan komandamız ikinci yoxlama matçında ispanlara 6:1 hesabla məğlub olub.
Fazil Qarayevin rəhbərlik etdiyi futzal yığması noyabrın 4-dək İspaniyada təlim-məşq toplantısını davam etdirəcək, sonra isə qitə çempionatının seçmə qrup oyunlarına başlamaq məqsədi ilə Portuqaliyaya uçacaq. Heyəti qapıçılar İlqar Abdulov ("Gömrükçü"), Elnur Zamanov ("Turan Air"), müdafiəçilər - Mirbağır İsayev. Rizvan Fərzəliyev, Zeynal Zeynalov, Allahverdi Babayev (hamısı "Gömrükçü"), Dado ("Turan Air"), Ceyhun Sultanov ("Tribut") və hücumçular - Ağatahir Əzimov ("Gömrükçü"), Mahir Eyniyev, Pneu (hər ikisi "Turan-Air"), Rəcəb Fərəczadə, Zaur Ramazanovdan (hər ikisi "Tribut") ibarət olan Azərbaycan yığması AÇ-nın seçmə oyunları çərçivəsində üç görüş keçirəcək. Fazil Qarayevin yetirmələri noyabrın 6-da meydan sahibləri, 7-də Belarus, 9-da isə Gürcüstan komandası ilə qarşılaşacaq. Yarışların əsasnaməsinə görə, qrupda ilk yeri tutan komanda çempionatın final mərhələsində iştirak etmək hüququ qazanacaq.
|