DAHA BIR JURNALIST TƏŞKILATI
Şurnalist Problemlərinin Həllinə Yardım Mərkəzi mətbuatdakı mövcud problemləri araşdıracaq
Ölkədə jurnalist təşkilatları çoxdur. Ancaq etiraf etmək lazımdır ki, bu qurumlar jurnalistikanın və mətbuat işçilərinin problemlərilə yetərincə məşğul ola bilmir. Təşkilatlarımız çoxalsa da, problemlərimiz necə varsa, eləcə də qalıb. Hər halda belə görünür. Bu bolluq içərisində daha bir jurnalist təşkilatı həyata vəsiqə almaq üzrədir. Müstəqil jurnalist Rəsul Mirhəşimlinin təşəbbüsü ilə təsis olunacaq bu təşkilat Şurnalist Problemlərinin Həllinə Yardım Mərkəzi adı altında fəaliyyət göstərəcək. Bu barədə məlumatı da yeni təşkilatın təşəbbüskarı Rəsul Mirhəşimli özü verib. Onun əməkdaşımıza bildirdiyinə görə, mərkəzin təsis konfransını dekabrın birinci ongünlüyündə keçirmək niyyətindədirlər. Təşkilat jurnalistikada mövcud olan problemləri araşdırmaqla yanaşı onların həllinə yardım edəcək. R.Mirhəşimli qeyd etdi ki, bu problemlər içərisində peşə vərdişlərinin artırılması, əmək hüquqlarının qorunması, jurnalist təşkilatları ilə mətbuat nümayəndələri arasında əlaqələrin qurulması və s. əsas yer tutur. Həmsöhbətimiz onu da bildirdi ki, yeni yaranacaq təşkilatda onunla yanaşı ölkənin aparıcı qələm sahibləri də təmsil olunacaq. "İnanırıq ki, jurnalist təşkilatlarının çox olması bir-birinin işinə mane olmayacaq, əksinə problemlərin həllinin tapılmasında əməkdaşlığı üzə çıxaracaq" - bu da R.Mirhəşimlinin dediklərindəndir.
|