Oktyabrın 6-dan 7-nə keçən gecə Azərbaycan Dövlət Neft Akademiyasına basqın etməkdə şübhəli bilinən 4 nəfər yaxalanıb. Onlardan 2-si qadın, 2-si kişidir. Bu Nəsimi RPİ-nin cinayət axtarışı şöbəsinin və 22 saylı polis bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində mümkün olub.
Bu barədə ətraflı mlumat almaq üçün əvvəlcə Nəsimi RPİ-nin rəisi Bağır Bağırovla əlaqə saxlamağa çalışdıq. Rəisin köməkçisi onun idarədə olmadığını söylədi.
22 saylı polis bölməsindən isə bildirdilər ki, sözügedən hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb. Adının çəkilməsini istəməyən polis əməkdaşı bu barədə əlavə məlumat verə bilməyəcəyini dedi.
Xatırladaq ki, oktyabrın 7-də, səhər saat 8 radələrində naməlum cinayətkarlar Neft Akademiyasına basqın edərək, 82 yaşlı gözətçi Məmmədəli Məhərrəmovu qətlə yetirmişdilər. Sonra isə akademiyanın rektoru Siyavuş Qarayevin kabinetinin qapısını sındırıb, otağın altını üstünə çevirmişdilər.
O vaxt otaqdan heç nə itmədiyi bildirilsə də, sonradan məlum olub ki, basqınçılar bir neçə qiymətli əşya aparıblar. Hadisənin ertəsi gün dərsə gələn tələbələr xəzinə otağının qarşısında iki dolu çanta tapıblar. Araşdırmalar nəticəsində məlum olub ki, S.Qarayevin otağından vaza və kompüter monitoru götürən soyğunçular akademiyanın kassasını yarmaq üçün sumkaları otağın qapısı önünə qoyublar. Lakin kassanın siqnalizasiyası işə düşəndən sonra basqınçılar aradan çıxıblar.
İstintaqçıların gəldiyi qənaətə görə, akademiyaya basqın edən şəxslər təcrübəli cinayətkarlar olmayıblar.
Qeyd edək ki, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq başlanıb.
|