MƏNZIL OĞRULARI TUTULDU
Nəsimi RPİ-nin 21 saylı polis bölməsinin əməkdaşları Bakıda mənzil oğurluğu və avtomobillərin qaçırılması ilə məşğul olan dəstənin 2 üzvünü yaxalayıblar.
Nəsimi RPİ-dən verilən məlumata görə, tutulan şəxslər əvvəllər məhkum olunmuşlar -Bakı şəhəri, İ.Məmmədquluzadə küçəsindəki 84 saylı evdə yaşamış 22 yaşlı Hacımurad Rüstəm oğlu Məmmədov və Quba rayon sakini, 21 yaşlı Kamran Vaqif oğlu Məmmədovdur. Onlar bu ilin yanvar ayında Əbilov küçəsindəki 77 saylı evin həyətində yerləşən kompüter otağından oğurluq etdiklərinə görə axtarışda olublar. Belə ki, oğrular kompüter otağının qapısının qıfılını sındıraraq içəri daxil olub, otaqdan televizor və kompüter götürüb aradan çıxıblar.
Həmçinin məlum olub ki, H.Məmmədovun və K.Məmmədov bu ilin fevral ayında polis əməkdaşı, 1966-cı il təvəllüdlü Arif Zülfəli oğlu Atababayevin Cəfər Cabbarlı küçəsindəki 29 saylı evinin pəncərəsini sındıraraq içəri daxil olublar. Onlar bu dəfə videomaqnitofon oğurlayıblar.Əməliyyat-istintaq tədbirləri davam etdirilərkən onların avtomobil qaçırması ilə məşğul olduqları da müəyyən edilib. Məlum olub ki, dostlar sentyabrın əvvəlində Qala küçəsindəki 36 saylı binanın 9-cu mənzilində yaşayan 28 yaşlı Ramin Azər oğlu Çələbiyevin evinin qarşısında saxladığı Az 10 KM 505 dövlət nömrə nişanlı "VAZ-2107"-ni, Bakıxanov küçəsi, 7, mənzil 11-də yaşayan 33 yaşlı Kəmalə İmran qızı Rəsulbəyovaya məxsus Az 10 SX 154 dövlət nömrə nişanlı "Hunday"ı qaçıraraq maşında olan maqnitofon və digər qiymətli avadanlıqları götürüblər.
Faktlarla bağlı Nəsimi RPİ-də cinayət işi açılıb, istintaq aparılır.
|